Azərbaycanın qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi olan Azercell ötən ilin yekun hesabatını açıqlayıb.
TEREF.AZ Azpost.info-a istinadla bildirir ki, Azərbaycan İnternet Fondunun prezidenti Osman Gündüz hesabatı şərh edib.
Onun sözlərinə görə, açıqlamaya, təqdim edilən statistikaya, infrastruktura və texnologiyalara, investisiya xərclərinə diqqət yetirdikdə, Azercell dövlət şirkətinə çevriləndən sonra ilk dəfə olaraq vəziyyətin müsbətə doğru dəyişməsi müşahidə edib.
“Amma mobil sektorda ən yüksək bazar payına-48%-dən çox paya sahib olan Azercell maraqlıdır ki, yenə də gəlirlərini açıqlamayıb. Hesabatla bağlı açıqlamadan anlaşılmır ki, qurum ötən ili zərərlə başa vurub, yoxsa mənfəət əldə edib . Ümumiyyətlə, diqqət cəlb edir ki, Azercell “dövlətləşəndən” sonra gəlirləri və xərclərini açıqlamaqda xəsislik edir. Hansı ki, bu, normalda əksinə olmalıydı, “dövlətləşəndən” sonra cəmiyyətin daha çox marağında olan qurumun hesabatlılığı, şəffaflığı daha da artmalıydı”-deyə ekspert bildirib.
O.Gündüz deyib ki, əvvəlki Hesabatlara nisbətən bu açıqlama daha dolğun olsa da, görülən işlər, layihələr və tədbirlər daha çox gözə çarpsa da, digər bir çox əhəmiyyətli məqamlara da aydınlıq gətirilməyib.
“Açıqlanan geniş məlumatda abonent bazasındakı dəyişiklik(açıqlanan faizdən görünür ki azalma olub), hər mobil istifadəçiyə görə orta gəlirlər, səs danışığından və mobil internetdən əldə olunan gəlirlər, datanın dinamikası, istifadə olunan trafik həcminin 4G/3G/2G arasında bölgüsü , rouminqlə bağlı gəlirlər, xidmətlərlə – məsələn Asan imzadan əldə olunan gəlirlər və s. bu tip ictimai faydalı məlumatlar yoxdur“- deyə O.Gündüz vurğulayıb.
Xatırladıram ki, 2018-ci ilin martında RİNN yanında “AzInTelecom” MMC Maliyyə Nazirliyinin ayırdığı 450 milyon manat vəsaitlə Azercell-in səhmlərinin 51.3%-ni satın alıb. Bundan sonra Azercell AzİnTelecom daxilində olmaqla dövlət şirkətlərinin reyestrinə daxil edilib.